Paytaxtın Nizami rayonunda ananı və iki azyaşlı övladını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub.
Nizami rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, fevralın 20-si saat 14 radələrində Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanovanın və iki azyaşlı övladının kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qohumu 1981-ci il təvəllüdlü Əhəd Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Əhəd Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.