Fevralın 17-si saat 16 radələrində Aytən Qasımovanın Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində yaşadığı evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat verilib.
Ağcabədi Rayon Prokurorluğundan YeniAvropa-ya bildirilib ki, daxil olan məlumatda bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri Raman Təhməzovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Aytən Qasımovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Raman Təhməzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.