Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının “omikron” ştamı ilə bağlı yoluxma sayında yüksək artım müşahidə edilir. Yeni ştamla mübarizədə koronavirusa qarşı görülən mübarizə tədbirləri ilə eynidir.
YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, pandemiya ilə mübarizədə ən effektiv vasitə vaksinasiyadır: “Peyvənd olunmayanları koronavirus əleyhinə vaksin vurdurmağa dəvət edirəm. Yoluxma sayı çox yüksək olsa da, xəstəlik əsasən yüngül keçir. Şükürlər olsun ki, COVID-19-la bağlı ölüm hallarında artım yoxdur. Nəzərə almaq lazımdır ki, bundan sonra da koronavirusun yeni ştamları yarana bilər. Pandemiya ilə əlaqədar hər-hansı qapanmaların tətbiqinə isə yalnız hökumət qərar verə bilər. Lakin ÜST və UNICEF məktəblərin açıq qalmasının tərəfdarıdır. Yəni, təhsil müəssisələrində qapanmaların lokal olaraq həyata keçirilməsini tövsiyə edirik”.