Yanvarın 20-də paytaxtın Binəqədi rayonunda əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunmuş Lənkəran şəhər sakini, 41 yaşlı Vüsal Hüseynov “Daewoo” markalı avtomobillə narkotik daşıdığı barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məlumatla əlaqədar Binəqədi rayon Polis İdarəsi 7-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı şübhəli şəxs avtomobili polis əməkdaşlarının üzərinə sürərək qaçmağa cəhd edib. Ancaq polis əməkdaşları onun qaçmaq cəhdinin qarşısını alıblar.
Polis əməkdaşları həmin avtomobilin təkərinə xidməti silahdan atəş açaraq onu dayandırmağa müvəffəq olublar. Avtomobilə baxış zamanı Vüsal Hüseynova məxsus külli miqdarda “patı” adlanan psixotrop maddə olan metamfetamin aşkarlanıb. O, ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Aşkarlanan faktla bağlı 7-ci polis bölməsində toplanan materiallar Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Saxlanılan şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.