logo

Bərdədə Elektrik Şəbəkəsinin sabiq baş mühasibi həbs edilib

14:44 18-01-2022 | icon 1596
Bərdədə Elektrik Şəbəkəsinin sabiq baş mühasibi həbs edilib

“Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon Elektrik Şəbəkəsinin sabiq baş mühasibi İlham Hüseynovun qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bərdə Rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla İlham Hüseynovun 2021-ci ilin iyulunda əvvəllər tanımadığı Orxan Yusifovu Bərdə Elektrik Şəbəkəsində nəzarətçi-mühəndis vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vədlər verərək ondan 3 min manat məbləğində pul vəsaitini şəxsən alaraq qulluq mövqeyindən istifadə etməklə ələ keçirib dələduzluq etməsinə, həmçinin bu əməli ilə O.Yusifovu rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.

Bundan başqa, onun 2021-ci ilin avqustunda təkrarən tamah niyyəti ilə tanışı Hafiz Həsənova da eyni cür vədlər verərək ondan 4 min manat məbləğində pul vəsaitini alaraq qulluq mövqeyindən istifadə etməklə ələ keçirib təkrarən dələduzluq etməsinə, həmçinin qeyrisini təkrarən rüşvət verməyə təhrik etməsinə şübhələr üçün əsaslar müəyyənləşdirilib.

İlham Hüseynov Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq), 178.2.3-cü (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 32.4,312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.