logo

Tofiq Yaqublu polis bölməsində özü-özünü döyüb?

13:53 18-01-2022 | icon 1568
Tofiq Yaqublu polis bölməsində özü-özünü döyüb?

Ötən il dekabrın 1-də Səbail rayonunda keçirilən aksiyada saxlanılan Milli Şuranın üzvü Tofiq Yaqubluya fiziki təzyiq göstərilməsi ilə bağlı məlumat əsasında başlanan yoxlamanın nəticəsində cinayət işi başlanmasının rədd edilməsinin əsasları açıqlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Tofiq Yaqublu özünün "Facebook" hesabında paylaşım edərək, prokurorluqda cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan hissələrin fotolarını yayımlayıb.

Məlumata görə, qərarda onun özünün özünə xəsarət yetirdiyi qeyd edilib: “Tofiq Yaqublu bölmədə ora niyə gətirildiyini bildirərək özünü divarlara çırpıb, bəzən də əlləri ilə üzünə zərbələr vuraraq özünə xəsarət yetirməyə cəhd edib. Onunla profilaktik söhbətlər aparılıb. Tofiq Yaqublu isə karantin qaydalarını pozmadığını deyərək otaqda qəflətən bir neçə dəfə öz yumruqları ilə üz nahiyyəsinə xəsarət yetirib. T.Yaqublu saat 17:45-də sərbəst şəkildə polis bölməsini tərk edərək gedib”.

Qərarda həmçinin əlavə edilib ki, T.Yaqublu polis bölməsinə daxil olarkən, eləcə də polis bölməsini tərk edərkən üzərində hər hansı bir gözlə görünən xəsarət izi olmayıb: “Hətta üz nahiyəsinə öz yumruğu ilə vurması nəticəsində qızartılar olsa da, bunu yaxından diqqətlə baxdıqda görmək mümkün olub”.

Onu mitinq zamanı saxlayan polislər isə bildirib ki, onlar Tofiq Yaqublunun qollarından tutub polis bölməsinə təhvil verilməsi məqsədilə avtopatrul maşınına aparanda o müqavimət göstərmək məqsədilə özünü yerə çırpıb, hətta maşının qapısına üzünü vurub.

T.Yaqublu yekun nəticə ilə razılaşmadığını, qərarda qeyd edilənlərin yalan olduğunu bildirib.