Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə müraciət edən paytaxt sakini Dərnəgül qəsəbəsində ona məxsus anbardan naməlum şəxslər tərəfindən 14 min manat dəyərində metal-mis ləvazimatların oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini İlham Quliyev və tanışı Nasif Qurbanov bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Araşdırma zamanı İlham Quliyevin hadisə baş verən obyektdə anbardar işlədiyi müəyyən edilib. Məlum olub ki, o, Bakıda taksi fəaliyyəti ilə məşğul olan Nasif Qurbanovu yanvarın 9-da anbara çağırıb. Həmin şəxslər birlikdə oğurladıqları əşyaları Nasif Qurbanovun avtomobili ilə Sabunçu rayonuna apararaq orada metal qəbulu məntəqələrindən birinə satıblar. Əlavə araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər eyni obyektdən əvvəllər də müxtəlif vaxtlarda üç dəfə oğurluq ediblər. Onların oğurluq etdikləri obyektə gəlib-getmələri inzibati ərazidə quraşdırılan müşahidə kameraları vasitəsilə qeydə alınıb.
Saxlanılan şəxs barəsində 5-ci polis bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. İlham Quliyev və Nasif Qurbanovun digər cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.