Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb, külli miqdarda narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, idarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Əhmədli və Köhnə Günəşli qəsəbələrində, eləcə də rayonun digər yaşayış məntəqələrində həyata keçirdikləri tədbirlər zamanı Zaur Şəkərəliyev, Samir Qafarov, Elçin Əliyev, Əfsəl Musayev, Sonqulu Daşdəmirov, Tural Hüseynov, İlkin Mahmudov, Elçin Sərdərov, Rasim Məmmədov, Orxan Məmmədzadə və Elxan Abbasov tutulublar. Həmin şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Onların hər biri barəsində Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar başlanıb. Həmin şəxslərin barələrində həbs qətimkan tədbirləri seçilib.
Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşası, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.