Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb.
Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır.
20 Yanvar faciəsinin ildönümü ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən Şəhidlər xiyabanında cari təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub, xiyabandakı hər iki məşəldə profilaktika aparılıb.
Xiyaban ərazisində faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub.
Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.