Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, şöbəyə əvvəllər məhkum olunmuş paytaxt sakini Aftandil Çobanovda silah olması barədə əməliyyat məlumatı daxil olub.
Həmin şəxs qısa zamanda saxlanılıb və onun əlindəki çantaya baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 11 ədəd patron və daraq aşkar edilərək götürülüb. Aftandil Çobanov odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı 19-cu Polis Şöbəsində toplanan materiallar Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.