logo

Azərbaycan-Ukrayna sənədləri imzalanıb

16:40 14-01-2022 | icon 546
Azərbaycan-Ukrayna sənədləri imzalanıb

Yanvarın 14-də Kiyevdə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı ilə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Əvvəlcə Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan Respublikası prezidentinin və Ukrayna prezidentinin Birgə Bəyannaməsini imzalayıblar.

Daha sonra Azərbaycan Respublikasının energetika naziri, Hökumətlərarası komissiyanın həmsədri Pərviz Şahbazov və Ukrayna baş nazirinin müavini, Hökumətlərarası komissiyanın həmsədri İrina Vereşçuk Ukrayna Nazirlər Kabineti ilə Azərbaycan Respublikası Hökuməti arasında “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişi imzalayıblar.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukrayna baş nazirinin müavini, Hökumətlərarası komissiyanın həmsədri İrina Vereşçuk Ukraynanın İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında “İkitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzalayıblar.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşçenko Ukrayna Aqrar Siyasət və Ərzaq Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında “Aqrar sahədə əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzalayıblar.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və "Neft-qaz Ukrainı" Milli Səhmdar Şirkəti" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Yuri Vitrenko "Neft-qaz Ukrainı" Milli Səhmdar Şirkəti" Səhmdar Cəmiyyəti ilə Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR arasında “Energetika sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzalayıblar.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın Geodeziya, Kartoqrafiya və Kadastr üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Sergiy Zavadski Ukraynanın Geodeziya, Kartoqrafiya və Kadastr üzrə Dövlət Xidməti ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında “Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və dövlət torpaq kadastrı sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzalayıblar.