Yanvarın 13-ü saat 19 radələrində Xaçmaz rayonunun Əzizli kənd sakini 1956-cı il təvəllüdlü Səmən Sultanovaya yaşadığı evdə xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Xaçmaz rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin oğlu 1979-cu il təvəllüdlü Ramiz Sultanovun birgə yaşadıqları evdə balta ilə Səmən Sultanovanın baş və sifət nahiyələrinə çoxsaylı xəsarətlər yetirməsinə və daha sonra isə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda Ramiz Sultanovun tutulub istintaqa cəlb olunması, həmçinin cinayətin təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.