Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan şimal-qərb küləyinin 15-20 m/s, arabir 25 m/s, 14-ü gecə və səhər bəzi yerlərdə arabir 28 m/s-dək güclənəcəyi gözlənilir. Yanvarın 13-ü axşamdan başlayaraq arabir yağıntılı olacağı, 14-ü gün ərzində bəzi yerlərdə sulu qara keçəcəyi, şəhərin nisbətən yüksək ərazilərində qar yağacağı gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enəcək.
Azərbaycanın rayonlarında yanvarın 13-ü səhər Naxçıvan MR-da, gündüz Şərqi-Zəngəzur, Qarabağ bölgəsində və Böyük Qafqaz zonasında qar yağacağı, axşama doğru isə əksər rayonlarda yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, gecə və səhər bəzi Kür vadisi rayonlarda (Qazax-Gəncə, Mərkəzi-aran) arabir 28-30 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 8-12° aşağı enəcək.
Şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Ölkə ərazində gözlənilən əlverişsiz hava şəraiti yanvarın 15-dək davam edəcək.