Həbsdə olan bloger Ata Eldar oğlu Abdullayevin anası Şəhla Yusifova həbs edilib.
YeniAvropa xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
O, insan alverində ittiham olunur.
Qeyd edək ki, Ata Abdullayevin cinayət işi üzrə proses Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.
İttihama əsasən, Ata Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2 400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.
Bundan başqa, Abdullayev Abşeron rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.
Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.
Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.
Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.