logo

Yol polisi sürücülərə müraciət etdi

19:10 07-01-2022 | icon 2009
Yol polisi sürücülərə müraciət etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvar ayının 8-i səhərdən 9-u səhərədək Bakıda və Abşeron yarımadasında, eləcə də respublikanın bəzi rayonlarında güclü külək əsəcəyi, şərq rayonlarında havanın yağıntılı olacağı ehtimal edilir.

 YeniAvropa xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi verilən proqnozla əlaqədar bütün hərəkət iştirakçılarına müraciət edərək küləkli havada həyat və sağlamlığımızın təhlükə altında qalmaması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün yollarda ehtiyatlı olmağı, qabaqlayıcı tədbirlər görməyi tövsiyə edir.

Müraciətdə daha sonra deyilir: “Sürücülər meteoroloji şəraitə uyğun sürət həddi seçməli, küləkli havada yolun kənarları qapalı olan hissəsindən və ya tunellərdən açıq əraziyə çıxarkən, həmçinin çöllükdə avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının yüksək olmasını nəzərə almalı, nəqliyyat vasitələrini tikinti işləri aparılan yerlərin, ağacların, iri həcmli reklam lövhələrinin, ümumiyyətlə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.

Bununla yanaşı, piyadalar da diqqətli olmalı, yolun avtomobillər üçün nəzərdə tutulmuş hissəsinə çıxmamalı, yolu yalnız müəyyən olunmuş yerlərdən keçməli, inşaat işləri aparılan ərazilərin, köhnə tikililərin, hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerlər seçməli, ehtiyat tədbirləri görməlidirlər”.