Abşeron rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, həyata keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər – Abşeron rayon sakinləri Məhəmməd Səmədov və Elnur Xəlilov saxlanılıblar. M.Səmədovdan 4 kiloqram 153 qram, E.Xəlilovdan isə 470 qram marixuana aşkarlanıb.
Araşdırma zamanı həmin şəxslərin narkotik vasitələrdən istifadə etməklə yanaşı, Abşeron rayonu ərazisində satışını də təşkil etdikləri məlum olub.
Məhəmməd Səmədovun əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edildiyi müəyyənləşdirilib.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.
Abşeron rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.