Lənkəran Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə saxtakarlığında ittiham olunan Cəlilabad rayonunun sabiq icra başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
YeniAvropa xəbər verir ki, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra Zeynalovun müdafiəçiləri sabiq icra başçısı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmə baxışı yanvarın 18-ə təyin olunub.
Qeyd edək ki, Namiq Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. O, 2020-ci ilin dekabrında Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
Prezident İlham Əliyevin sərəncamı ilə Zeynalov Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.