Yanvarın 5-i saat 10 radələrində Astara rayonunun Təngərüd kənd sakini 1982-ci il təvəllüdlü İlkin Qəmbərova yaşadığı evdə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Rayon prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin bacısı 1986-cı il təvəllüdlü Nadirə Qəmbərovanın şəxsi münasibətlər zəminində əvvəllər aralarında yaranmış mübahisə ilə əlaqədar həmin tarixdə səhər saatlarında yatmış vəziyyətdə olan İlkin Qəmbərovun bədəninin müxtəlif nahiyələrinə balta ilə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.
Nadirə Qəmbərova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.