Ağstafa rayonunun Dağkəsəmən kənd sakini 1984-cü il təvəllüdlü Elvin Abdullayevin yaşadığı evdə öldürülməsi barədə yanvarın 4-ü saat 12 radələrində rayon prokurorluğuna məlumat verilib.
Ağstafa rayon prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin arvadı 1985-ci il təvəllüdlü Aynur Abdullayevanın yanvarın 3-ü saat 05 radələrində birlikdə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə Elvin Abdullayevin baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Aynur Abdullayeva təqsirləndirilən qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.