logo

Dünya Bankı:SSRİ dağılandan sonra Azərbaycanda əhali 40% artıb

10:43 03-01-2022 | icon 5124
Dünya Bankı:SSRİ dağılandan sonra Azərbaycanda əhali 40% artıb

Azərbaycan postsovet məkanında əhalinin artımına görə öndə olan ölkələrdəndir.

YeniAvropa xəbər verir ki, bu barədə Tacikistanın "ASİA Plus" portalı Dünya Bankının məlumatlarına istinadən xəbər yayıb. Bildirilib ki, hesabat dövründə Azərbaycanda əhali 40% artıb.

Portalın məlumatına görə, keçmiş SSRİ-nin dağılmasından sonra ötən 31 ildə ən böyük əhali artımı Tacikistanda qeydə alınıb. Belə ki, bu müddət ərzində Tacikistan əhalisi 76,6 % artıb.

Əhali artımı baxımından sonrakı yerləri də Mərkəzi Asiya ölkələri tutur: Özbəkistan (+ 63,4 %), Türkmənistan (+ 59,2 %) və Qırğızıstan (+47,7 %).  Qazaxıstanda bu göstərici (+14 %) nisbətən aşağıdır.

Hesabatda ən aşağı doğum səviyyəsi Baltikyanı ölkələrdə qeydə alınıb: Latviya (-28,3%), Litva (-24,5%). Əhali artımının azlığı ilə seçilən ölkələr kimi Gürcüstan (-23,2 %), Ukrayna (- 20 %), Ermənistan (- 15,5 %), Estoniya (-14,7 %), Moldova (-12 %), Belarus (- 7,8%) və Rusiyanın (-2,9%) adları qeyd edilib.