Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.
YeniAvropa xəbər verir ki, bu gün Polad Həşimovun 47 yaşı tamam olacaqdı.
Qeyd edək ki, Polad Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.
General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.
İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.