logo

2021-ci ildə  306 uşağa Polad, 82 uşağa Xudayar adı verilib

10:51 01-01-2022 | icon 2226
2021-ci ildə  306 uşağa Polad, 82 uşağa Xudayar adı verilib

Ötən il doğumu qeydə alınan uşaqlara Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan ən populyar iki ad məlum olub.

YeniAvropa xəbər verir ki, 2021-ci il ərzində Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan adlar arasında Polad və Xudayar üstünlük təşkil edir.

Belə ki, ötən il yeni doğulan 306 körpəyə Polad adı verilib.

Yeri gəlmişkən, 2018-ci ildə 55 uşağa, 2019-cu ildə 53 uşağa Polad adı verilmişdisə, 2020-ci ildə Polad adı verilən uşaqların sayı 193 olub. 

Ötən il ərzində 82 uşağa Xudayar adı verilib. Qeyd edək ki, bu ad 2020-ci il ərzində cəmi 3 nəfərə qoyulmuşdusa, 2019-cu ildə ölkədə yeni doğulan uşağa bu adın verilməsi qeydə alınmamışdı. 2018-ci ildə isə cəmi bir uşağa Xudayar adı verilmişdi.

Xatırladaq ki,  Polad adı 2020-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.

Xudayar adı isə Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Xudayar Yusifzadənin şəhid olmasından sonra məşhurlaşıb. Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu "Vətən yaxşıdır. .." təsnifi hazırda Azərbaycanda dillər əzbərinə çevrilib.