Azərbaycan paytaxtı 2022-ci ili böyük sevinc və nikbinliklə qarşılayıb. Yeni ilin ilk dəqiqələrində Dənizkənarı Milli Parkda yaşanan izdiham və möhtəşəm atəşfəşanlıq bunun əyani təcəssümü kimi qiymətləndirilə bilər.
YeniAvropa xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda təşkil olunan bayram atəşfəşanlığını on minlərlə insan maraqla izləyib.
Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı bəzədilib, yolkalar qurulub. Həmçinin müxtəlif Yeni il atributları və simvolları, nağıl qəhrəmanlarının fiqurları quraşdırılıb, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.