logo

Tağı Əhmədovun 5 milyon manatı necə batdı?

21:13 30-12-2021 | icon 2520
Tağı Əhmədovun 5 milyon manatı necə batdı?
“Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədovdan 2 milyon manat sələm götürüb mənimsəməkdə ittiham olunan Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə icraatı dayandırılıb.

YeniAvropa xəbər verir ki, buna səbəb barələrində məhkəmə istintaqı dövründə ev dustaqlığı qətimkan tədbiri seçilmiş həmin şəxslərin sonuncu məhkəmə iclaslarına gəlməməsidir. Nəticədə onların barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə icraatı dayandırılmaqla axtarışa veriliblər.

Qeyd edək ki, dələduzluqda ittiham olunan həmin şəxslərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılır.

Sələmçi Tağı Əhmədovun pullarını mənimsəyənlərin işi üzrə  məhkəmə prosesi dörd aydır ki davam edir. Təqsirləndirilən şəxsdən yalnız Səadət Xəlilov həbs olunmuşdu.

Məhkəmənin gedişatında məlum olub ki,  YAP-ın Yasamal təşkilatının sədri olarkən (hazırda bu vəzifəsindən gedib) Tağı Əhmədov AMEA əməkdaşı, professor Soltan Əliyev vasitəsilə Səadət, Qulu və Sahilə sələmə cəmi 2 milyon manata yaxın pul verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək T.Əhmədovu bu işə pul yatırmağa inandırıblar. O, elə YAP-ın rayon təşkilatının binasında pulları mərmər tacirlərinə verib.

 Daha sonradan nə pulu, nə faizini qaytara bilmədikləri üçün Soltan Əliyev onların barəsində  şikayət edib. Cinayət işi üzrə zərərçəkmiş kimi də S.Əliyev tanınıb. İndi məhkəmədən gizlənən Sahil Abuşov əvvəlki iclaslarda onlara sələm verən şəxsin Tağı Əhmədov olduğunu təsdiqləyib: “Biz mərmər biznesi ilə məşğul olurduq. İşləri görmək üçün pulu Səadət müəllim verirdi, o da pulları Tağı Əhmədovdan sələmə götürürdü. Tağı müəllim ona aylıq 1.5-2 faizlə pul verirdi. Üç dəfə ondan pul götürmüşük. Pulları Yasamalda YAP-ın binasının yanında aldıq. Səadət və Soltan içəri girib pulları götürürdü, sonra çıxıb bizə verirdilər”.

Məhkəmə istintaqından qaçan digər şəxs Qulu Muxtarov isə vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müvəkkili işləyib. Hüquq-mühafizə orqanlarından təqaüdə çıxdıqdan sonra Beynəlxalq Bankın rəhbəri olmuş Cahangir Hacıyevin mühafizəçisi işləyib.

 O ifadəsində Tağı Əhmədova 1 milyon dəyərində yaqut daşı girov qoyduqlarını deyib: “Daş dostumun idi. Səadət təklif elədi ki, daşı girov qoyub sələmə pul götürək. Arada mənim də xeyrim olacaqdı. Daşın pulunu isə bir müddət sonra alverdən gələn qazancdan verəcəkdilər. Daşa görə cəmi 350 min manat pul ödəyiblər”.

Məhkəmə istintaqı zamanı məlum olub ki, sələm prosesində T.Əhmədovun oğlu Ruslan Əhmədov da iştirak edib. Hətta bir dəfə Tağı Əhmədov pullarını qaytarmadığı üçün Səadət Xəlilovu ofisində döyüb. Səadət Xəlilov götürülən puldan 234 min manat qaytardığını bildirir.

Zərərçəkmiş Soltan Əliyev Tağı Əhmədovun 2 milyonu ilə yanaşı, əlavə 1 milyon 92 min manat da faiz pulu tələb edir.

Xatırladaq ki, Tağı Əhmədov Bakı Metropoliteninə rəhbərlik edəndə MTN generalı Akif Çovdarov da onu “qarmağa keçirmişdi” və 3 milyon dollarını almışdı. T.Əhmədov bu pulları “ömür boyu işləyib maaşı ilə yığdığını” demişdi.