logo

AQTA “Dönər market”də 9 nəfərin zəhərlənmənin səbəbini açıqladı

15:30 30-12-2021 | icon 2044
AQTA “Dönər market”də 9 nəfərin zəhərlənmənin səbəbini açıqladı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu il dekabrın 12-də Bakının Nəsimi rayonunda Şəmsi Bədəlbəyli, 104 ünvanında fiziki şəxs Allahverdiyev Davud Kərim oğluna məxsus “Dönər market” ictimai iaşə müəssisəsində baş vermiş zəhərlənmə hadisəsi ilə bağlı aparılan yoxlamanın nəticələrini açıqlayıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumatda bildirilir ki, baş vermiş hadisə ilə bağlı məlumat daxil olan kimi, dərhal agentliyin mütəxəssisləri tərəfindən hadisənin başvermə səbəblərinin araşdırılması məqsədilə zərərçəkənlərdən və qeyd olunan ictimai iaşə müəssisəsindən zəruri məlumatlar toplanıb və nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Laborator müayinələr nəticəsində nümunələrdə bağırsaq çöpləri, proteus və klostridilər aşkar edilib, yəni, məhsullar emal prossesində ikincili çirklənməyə məruz qalıb. İşçi heyət tərəfindən gigiyenik norma və qaydalara, dezinfeksiya rejiminə, həmçinin şəxsi gigiyena qaydalarına əməl olunmaması nəticəsində həm qida məhsullarında, həm də avadanlıqlarda bağırsaq mənşəli mikroflora olan bağırsaq çöpləri və proteus ilə çirklənmə baş verib.

Bu fakt bir daha qida məhsullarının emalı zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmasının vacibliyini göstərir. Həmin mikrofloranın qida məhsulları ilə orqanizmə daxil olması ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı, halsızlıq, ishal və s. təzahürlərlə özünü göstərə bilər.

Aparılan araşdırmalar zamanı “Dönər market” ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərməsi aşkar olunub.

Yoxlama zamanı müəssisədə çalışan işçilərin dövri tibbi müayinədən keçmədən fəaliyyət göstərməsi, zərərvericilərə qarşı mübarizə tədbirlərinin (dezinfeksiya, dezinseksiya və deratizasiya) aparılmaması müəyyən edilib.

Hadisəyə hüquqi qiymətin verilməsi üçün aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar hüquq-mühafizə orqanlarına təqdim olunub.

Xatırladaq ki, hadisə dekabrın 12-də  “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında dönərxanalardan birində baş verib.Orada gün ərzində dönər alan 9 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Zəhərlənənlərdən biri qadın, 7-si kişi, digər biri isə yeniyetmə olub.