logo

Son 16 ildə Xəzər dənizinin səviyyəsi 1, 20 metr  enib

16:30 29-12-2021 | icon 6258
Son 16 ildə Xəzər dənizinin səviyyəsi 1, 20 metr  enib

Son illərdə Xəzər dənizinin səviyyə tərəddüdləri ən çox müzakirə edilən məsələlərdəndir. Xəzəryanı ölkələrin iqtisadiyyatının formalaşmasında xüsusi rolu olan dənizin səviyyəsinin əsrin sonunadək xeyli enəcəyi proqnozu mövcuddur. Bu il Əlif Hacıyev gəmisi ilə 4 dəfə təşkil olunan ekspedisiya zamanı elmi-tədqiqat və monitorinq işləri həyata keçirilib, maraqlı nəticələr əldə olunub. Qlobal istiləşmə Xəzərdə dəniz suyunun temperaturunun orta hesabla 1,2 dərəcə artmasına səbəb olub. Təbii ki, səviyyənin enməsi fonunda bu amillər dəniz ekosistemi, biomüxtəlifliyi üçün əlavə risklər yaradır.

YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.

U.Tağıyeva bildirib ki, 2005-ci ildən dənizin səviyyəsi müntəzəm enməyə başlayır: “Dənizin səviyyəsi bu illər ərzində 119 santimetr düşüb. Daha çox enmə bu il qeydə alınıb. 2020-ci illə müqayisədə səviyyə 25-30 santimetr enib. Xəzər dənizinin səviyyəsinin gələcəkdə iqlim dəyişmələrinin təsiri nəticəsində daha da enməsi probleminin müzakirəsi üçün 2022-ci ilin mart ayında Azərbaycanda Xəzəryanı ölkələrin və bu sahədə təcrübəsi olan beynəlxalq ekspertlərin iştirakı ilə tədbirin keçirilməsi planlaşdırılır. Hövzə üzrə razılaşdırılmış səviyyə ssenarilərini və həyata keçiriləcək uyğunlaşma tədbirlərini birgə hazırlamaq üçün regional ekspert qrupunun yaradılması nəzərdə tutulur”.