logo

Magistraturaya hazırlaşanlar üçün sınaq imtahanı keçiriləcək

13:22 22-12-2021 | icon 9989
Magistraturaya hazırlaşanlar üçün sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi(DİM) tərəfindən dekabrın 26-da ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına hazırlaşanlar üçün sınaq imtahanı keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədəDİM-dən bildirilib.

Qeyd edilib ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 3 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 290 nəfər qeydiyyatdan keçib.

Bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq imtahan 3 saat davam edəcək. Saat 10:45-də buraxılış rejimi başa çatacaq.

Bakalavr imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib) və özü ilə aşağıda qeyd olunan sənədləri gətirməlidir:

- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

- imtahana buraxılış vərəqəsi;

- “Sağlamlıq haqqında bəyannamə” (buraxılış vərəqəsi ilə birlikdə çap edilir, imzalanır və imtahan zalına daxil olduqda nəzarətçiyə təhvil verilir).

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda bakalavr imtahana buraxılmayacaq.

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və bakalavrların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında bakalavrların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq. Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunacaqlar.

İmtahanların idarə olunması üçün 3 imtahan rəhbəri, 34 zal nəzarətçisi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.