Koronavirusun “Omikron” ştamı dünyanın 106 ölkəsində aşkarlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) yaydığı həftəlik epidemioloji bülletendə bildirilib.
Qeyd edilib ki, dekabrın 21-nə olan vəziyyətə görə, (Mərkəzi Avropa vaxtı ilə saat 14.00-dək) “omikron” ştamı 106 ölkədə qeydə alınıb. Bülletendə vurğulanır ki, “omikron” variantının əmələ gətirdiyi narahatlıqla bağlı ümumi risk yüksək olaraq qalmaqdadır.
Oktyabrın 20-dən dekabrın 19-dək aparılan yoluxma təhlillərinin 1,6 faizində “omikron” aşkar edilib. Dünyada hələ də üstünlük təşkil edən “delta” ştamı isə bu dövr ərzində biomaterial nümunələrinin 96 faizində müşahidə edilib.
ÜST bildirir ki, bu yaxınlarda toplanan sübutlar “omikron” ştamının “delta” variantı ilə müqayisədə artımda üstünlük təşkil etdiyini və daha tez yayıldığını göstərir. Həm də nəzərə almaq lazımdır ki, bu, əhalisinin yüksək immunitetə malik olduğu ölkələrə də aid edilir. Bülletendə qeyd olunur ki, “omikron” variantına yoluxma zamanı xəstəliyin ağır gedişatına gəlincə, bu barədə məlumatlar hələ məhdud dərəcədədir”.