logo

Güləş Federasiyasının ofisdən içində 63 min manat olan seyf oğurlandı

14:51 04-12-2021 | icon 1687
Güləş Federasiyasının ofisdən içində 63 min manat olan seyf oğurlandı

Paytaxtın Nərimanov rayonunda Azərbaycan Güləş Federasiyasına məxsus ofisdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, ofisə daxil olmuş naməlum şəxslər federasiyanın mühasibat otağından içərisində 63 min manat məbləğində pul olan dəmir seyfi oğurlayıblar.

Hadisə ilə bağlı polisə məlumat daxil olan kimi araşdırmalara başlanılıb. Hadisəni törədən şəxslər - paytaxt sakini Kamran Mütəllimov, Vüqar Əsgərov və Salyan rayon sakini İmran Zeynalov Bakı şəhər Baş Polis İdarəsi, Nərimanov rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qısa vaxtda müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, Kamran Mütəllimov əvvəllər həmin federasiyada işlədiyindən seyfin haradan saxlanıldığı barədə məlumatlı olub. O, işdən çıxandan sonra bu barədə tanışları Vüqar Əsgərova və İmran Zeynalova məlumat verib və birlikdə həmin seyfi oğurlamaq qərarına gəliblər.

Hadisə vaxtı onlar İmran Zeynalova məxsus avtomobillə ofisin yaxınlığına gəliblər və seyfi oğurlayandan sonra sındıraraq pulu aralarında bölüblər. Saxlanılan zaman dəstə üzvlərindən oğurladıqları pulun bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.