Mayın 31-də Heydər Əliyev Sarayında tanınmış bəstəkar Ələkbər Tağıyevin mahnılarından ibarət konsert proqramı təqdim olunub. YeniAvropa xəbər verir ki, konsertdə respublikanın mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Konsertdə xalq artistləri Brilliant Dadaşova, Mənsum İbrahimov, Nazpəri Dostəliyeva, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Zaur Rzayev, Nəzakət Teymurova, Samir Cəfərov, əməkdar artistlər Mətanət İsgəndərli, Zöhrə Abdullayeva, Almaz Orucova, Zakir Əliyev, Gülüstan Əliyeva, Fehruz Səxavət, Abbas Bağırov, Lalə Məmmədova, Firuzə İbadova, Nuriyyə Hüseynova və başqaları çıxış ediblər. Bir-birindən parlaq ifaların təqdim olunduğu konsert proqramı maraqla qarşılanıb.
Qeyd edək ki, Ələkbər Tağıyev Azərbaycan musiqi mədəniyyətinə “Azərbaycanım mənim”, “Şirin arzular”, “Sən gəlməz oldun”, “Dinə bilmədim”, “Bakı gecələri”, “Qonşu qız”, “Azərbaycan oğluyam”, “Qəşəngdir” kimi bir çox sevilən mahnılar bəxş edib. Bəstəkarın “Sən gəlməz oldun”, “Arzu qızım”, “Sənə qurban”, “Sədaqətim var” kimi mahnıları dəfələrlə xarici müğənnilərin repertuarına daxil olub.