Bu il noyabrın 11-dən 13-dək Sankt-Peterburqda keçiriləcək IX Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycan fəxri qonaq qismində iştirak edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə forumun təşkilatçılarının yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov başçlıq edəcək.
“Forumda Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun şəxsən iştirak etməsi yaradıcılıq, mədəni irsin öyrənilməsi və təbliği sahəsində ikitərəfli münasibətlərin əhəmiyyətini nümayiş etdirir” , deyə məlumatda bildirilib.
Forum çərçivəsində Dövlət Ermitaj Muzeyində Azərbaycanın daimi ekspozisiyasının təntənəli açılış mərasimi keçiriləcək, həmçinin 2020-ci ildən etibarən Üzeyir Hacıbəylinin adını daşıyan bağda görkəmli bəstəkarın abidəsinin təməli qoyulacaq.
Məlumatda qeyd edilib ki, Sankt-Peterburqun Mariinski Teatrının səhnəsində bəstəkar Fikrət Əmirovun “1001 gecə” baletinin nümayiş olunacağı, həmçinin azərbaycanlı caz ifaçılarının konsertinin keçiriləcəyi gözlənilir.