logo

Paşinyan Azərbaycan polisinin İran maşınlarının yoxlamasını haqlı sayır

09:49 16-09-2021 | icon 6818
Paşinyan Azərbaycan polisinin İran maşınlarının yoxlamasını haqlı sayır

Yeni hərbi gərginlikdən qaçmaq üçün Ermənistan silahlı qüvvələri 2020-ci ilin dekabrında sovet Ermənistanının sərhədlərinə çəkilib. Bununla həm də, sovet dövründən qalmış inzibati sərhəd dövlət sərhədinə çevrilib.

YeniAvropa  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözləri baş nazir Nikol Paşinyan İrana məxsus yük maşınlarının Gorus-Qafan avtomobil yolunun Azərbaycan ərazisindən keçən hissəsində Azərbaycan polisi tərəfindən yoxlanılması ilə bağlı sualı cavablandırarkən söyləyib.

N.Paşinyan deyib ki, Gorus-Qafan avtomobil yolu iki yerdə Ermənistan Respublikası və ya sovet Ermənistanı ərazisindən çıxır. Məhz buna görə də məlum rayonlarda hamının gördüyü lövhələr quraşdırılıb və dayaq məntəqəsi yaradılıb.

“2020-ci ilin dekabrında bu yoldan nəqliyyat vasitələrinin tranzit kimi istifadə edilməsinə dair razılıq əldə olunub. Lakin, həmin sənəddə xarici ölkələrə məxsus yüklərin daşınması nəzərdə tutulmayıb. Buna görə də, hesab edirəm ki, bu şəraitdə Azərbaycan tərəfi həmin məqamdan düzgün istifadə edir”,-deyə Nikol Paşinyan vurğulayıb.