logo

Bakıda on ikinci Çin kulinariya festivalı təşkil olunub

19:21 21-05-2018 | icon 5243
Bakıda on ikinci Çin kulinariya festivalı təşkil olunub

On iki nömrəli Bakı Peşə Liseyində Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun, Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) və “Böyük Çin səddi” Çin Yeməkxana Mərkəzinin birgə təşkilatçılığı ilə on ikinci Çin kulinariya festivalı keçirilib.

ADU-dan YeniAvropa-ya bildirilib ki, tədbirdə AMKM-in baş direktoru Tahir Əmiraslanov gənc azərbaycanlı mütəxəssislərin peşə bacarıqlarının artırılmasının və ölkəmizdə turizmin inkişafı baxımından xarici ölkələrin kulinariya ənənələri ilə tanış olmalarının vacibliyindən danışıb.

Konfutsi İnstitutunun direktorları Li Jihua və Rafiq Abbasov Çin mətbəxini bu ölkənin mədəniyyətinin vacib bir hissəsi kimi xarakterizə ediblər. Onlar Çin mətbəxinin uzun tarixi, qeyri-adi xüsusiyyətləri, çoxlu sayda üslub və ənənələri, fərqli yemək üsulları olduğunu bildiriblər.

Sonra Çin kulinariyası ilə bağlı film nümayiş olunub. Konfutsi İnstitutunun tələbələri və müəllimləri ənənəvi Çin mahnıları və rəqsləri, bambuk fleytanın müşayiəti ilə bu ölkənin musiqilərindən ibarət konsert proqramı təqdim ediblər.

Tədbir çərçivəsində Pekindən gəlmiş tanınmış aşpazlar Li Changrong və Zhang Ming məşhur Çin mətbəxi yeməklərinin hazırlanması üzrə ustad dərsi keçiblər.

Sonda AMKM tərəfindən ADU-nun Konfutsi İnstitutuna və çinli aşpazlara fəxri diplomlar təqdim olunub.