Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən aparılan yoxlama nəticəsində həmin Agentliyin tabeçiliyində olan 1 və 2 nömrəli Gəncə Peşə məktəblərində və 3 nömrəli Gəncə Peşə Liseyində bir sıra qanun pozuntularının müəyyən olunması barədə Baş Prokurorluğa ünvanladığı müraciət aidiyyəti üzrə araşdırılması üçün Gəncə Şəhər Prokurorluğuna göndərilib.
Gəncə şəhər Prokurorluğundan YeniAvropa-ya bildirilib ki, aparılmış araşdırmalarla təhsil müəssisələrinin vəzifəli şəxsləri tərəfindən qulluq mövqelərindən istifadə edilməklə 1 nömrəli Gəncə Peşə Məktəbində 34 min, 2 nömrəli Gəncə Peşə Məktəbində 25 min, 3 nömrəli Gəncə Peşə Liseyində isə 32 min manat məbləğində ziyan vurulmaqla həmin vəsait talandığı müəyyənləşdirilib.
Fakta görə Cinayət Məcəlləsinin 179.2.2-ci, 179.2.3-cü, 179.2.4-cü (mənimsəmə və ya israf etmə təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir.