Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov Azərbaycanda son günlər koronavirusa yoluxmanın kəskin artmasını şərh edib.
YeniAvropa xəbər verir ki, o, bunu “4-cü dalğa alovlanma” sı adlandırıb.
“Biz bunu dalğa yox, infeksiyanın alovlanması kimi qeyd edirik. Pandemiyanın əvvəlindən saysaq, xəstəliyin bu dövrünü 4-cü alovlanma adlandırmaq olar. Ancaq daha düzgün olar ki, bunu sayla yox, növbəti alovlanma kimi adlandıraq”.
O bildirib ki, virusa yoluxanlar arasında ağırlaşmalar adətən yaşlı və müxtəlif ağır xroniki xəstəliyi olan insanlarda müşahidə olunur. Qeyd olunan səbəblərdən həmin şəxslərin immun sistemində müəyyən çatışmazlıqlar əmələ gəlir. “Bu, o demək deyil ki, gənclərdə xəstəlik həmişə yüngül keçir. Cavanlar arasında da az da olsa, müəyyən qədər ağırlaşmalar olur”,- deyə T. Eyvazov qeyd edib.
Baş infeksionist bildirib ki, xəstəliyi bir dəfə keçirib təkrar yoluxanların sayı çox azdır. “Əldə olunan məlumatlara görə belə halların sayı 1 faizdən də azdır. Bir qayda olaraq təkrar yoluxanlar xəstəliyi əvvəlkinə nisbətən daha yüngül keçirirlər, ancaq istisnalar da var”,- deyə o, vurğulayıb.
Mütəxəssis onu da bildirib ki, Azərbaycanda hələ tam peyvənd olunduqdan sonra xəstələnərək ölən şəxslər yoxdur. Çünki peyvənd xəstəliyin ağır formalarının inkişafının qarşısını alır.