Kürdəmir rayon Polis Şöbəsinin(RPŞ) əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Kürdəmir RPŞ-dən məlumat verilib. Bildirilib ki, daxil olan məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Türkədi kənd sakini Yunis Əzizov saxlanılıb.
Yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 17 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
İlkin dindirmə zamanı Yunis Əziziov cinayət əməlini etiraf edərək, peşman olduğunu bildirib.
Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar davam etdirilir.