logo

Daha bir məktəb direktoruna cinayət işi açıldı

14:48 18-08-2021 | icon 1645
Daha bir məktəb direktoruna cinayət işi açıldı

Lənkəran rayonunun Şirinsu kənd orta məktəbinin sabiq direktoru Zeynəb Əhmədovanın qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Lənkəran rayon Prokurorluğundan YeniAvropa-ya bildirilib ki, aparılmış istintaqla məktəbin direktoru Zeynəb Əhmədovanın işlədiyi müddətdə müxtəlif cinayətkar üsullardan istifadə etməklə faktiki tədris olunmayan dərs saatlarının rəsmiləşdirilməsi yolu ilə və digər qanunsuz vasitələrlə dövlət büdcəsindən ayrılmış ümumilikdə 3849 manat məbləğində pul vəsaitini mənimsəməsinə, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə işə qəbul üçün müraciət etmiş şəxsin tam ştat vahidi üzrə vakant elektrik vəzifəsinə təyin edilməsi müqabilində 500 manat məbləğində pul vəsaiti və digər maddi neməti rüşvət qismində almasına əsaslı şübhələr müəyyənləşdirilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Zeynəb Əhmədovaya Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.1-ci (rüşvət alma) maddələri ilə ittiham elan edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.