logo

Bakıda 11 saylı poliklinikada saxta "COVID-19" pasportu satılır

13:13 17-08-2021 | icon 2100
Bakıda 11 saylı poliklinikada saxta "COVID-19" pasportu satılır

Paytaxtın Sabunçu rayonundakı 11 saylı şəhər poliklinikasında COVID-19 pasportunun qanunsuz verilməsi barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,araşdırma ilə həmin poliklinikanın əməkdaşları tərəfindən müxtəlif məbləğlərdə pul müqabilində ayrı-ayrı şəxslərə vaksin vurulmadığı halda saxta COVID-19 pasportunun verilməsinə əsaslı şübhələr müəyyən olunduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş İdarənin İstintaq idarəsinə tapşırılıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

Baş Prokurorluq bir daha vətəndaşlara müraciət edərək COVID-19 pandemiyası ilə mübarizədə ən effektiv və səmərəli tədbirlərdən olan vaksinasiyadan keçməyi tövsiyə edir. Həmçinin bu kimi hallarla rastlaşan şəxslərin Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələri xahiş olunur.