logo

33 kq-dan çox narkotik vasitəni İrandan Azərbaycana keçirmək istədi

12:11 17-08-2021 | icon 1904
33 kq-dan çox narkotik vasitəni İrandan Azərbaycana keçirmək istədi

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 33 kiloqram olan narkotik vasitənin, 314 ədəd psixotrop və güclü təsirli maddənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, avqustun 17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə hərəkət edən naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə olunub. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucusu ərazidən qaçmağa çalışarkən saxlanılıb.

Saxlanılan şəxsin Beyləqan rayon sakini 1981-ci il təvəllüdlü Ağayev Vüsal Bayram oğlu olması müəyyənləşdirilib. Onun əlindəki idman çantasına baxış zamanı içərisində təxmini çəkisi 33 kiloqram olan narkotik vasitəyə - 25 kiloqram 340 qram heroin, 5 kiloqram 800 qram metamfetamin, 1 kiloqram 720 qram marixuana, 60 qram tiryək, 284 ədəd metadon M40 və 30 ədəd preqabalin dərman həblərinə oxşar maddələr aşkarlanaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Dövlət sərhədinin etibarlı mühafizəsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.