logo

Paytaxtda narkotik vasitələrin satışı ilə məşğul olan 14 nəfər saxlanılıb

18:15 16-08-2021 | icon 1764
Paytaxtda narkotik vasitələrin satışı ilə məşğul olan 14 nəfər saxlanılıb

Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hövsan, Əmircan, Bülbülə, Zığ və Qaraçuxur qəsəbələri ərazisində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 14 nəfər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, əməliyyat zamanı əvvəlcə narkotik vasitələrin satışı ilə məşğul olan Ramin Nuriyev saxlanılıb. Onun üzərindən və evindən 1 kiloqrama yaxın heroin və 64 qram metamfetamin aşkar edilib. Saxlanılan şəxs ifadəsində əsasən Suraxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

Ramin Nuriyevin ondan narkotik vasitələr alan şəxslər arasında tanınmamaq üçün “Rəmiş” adından istifadə etdiyi müəyyənləşdirilib.

Bundan başqa, Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər dəfələrlə məhkum edilmiş Azər İmanov, Mehbalı Rzayev, Fərman Əliyev, Orxan İbrahimov və Rəşad Əsgərov da saxlanılıblar. Onlardan da külli miqdarda heroin və metamfetamin aşkarlanıb.

Azər İmanov və Mehbalı Rzayevin narkotik vasitələrdən istifadə etməsinin görüntülərinin sosial şəbəkələrdə də yayıldığı məlum olub.

Polis əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Elnur Bağırov, Murad Qafarov, Ağamməd Vahidov, İlahə Rəhimova, Rəhman Hüseynov, Məhəmməd Əliyev, Murad Məmmədzadə və Siruz Hacıyev saxlanılıblar.

Onların da üzərindən külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb. Həmin şəxslər izahatlarında narkotiklərin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Əməliyyatlar zamanı ümumilikdə Suraxanı rayonunda 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar aparılır. Saxlanılan şəxslər tutularaq istintaqa cəlb olunublar. Onların barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması istiqamətində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.