Dövlətin ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpası istiqamətində həyata keçirdiyi siyasətə kölgə salan hallara qarşı prokurorluq orqanları tərəfindən digər dövlət qurumları əlaqəli şəkildə kompleks mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, həyata keçirilən tədbirlərdən biri kimi, avqustun 11-də paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsində Vunq-Tau küçəsi 11 ünvanında ağacların yanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material əsasında Xətai Rayon Prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla baş vermiş yanğın hadisəsi nəticəsində ərazidə olan 47 şam ağacının yanması nəticəsində ətraf mühitə ümumilikdə 37 min 800 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilib. Həmçinin yanğının mənbəyi kimi müəyyən edilmiş dörd yerdə istintaq-əməliyyat tədbirləri zamanı tezalışan məhlul aşkarlanıb.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 260.3-cü (Meşələri və digər yaşıllıqları məhv etmə və ya zədələmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 314.1-ci (Səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.