logo

Qəbələ rayonunda mürəkkəb relyefli dağlıq ərazidəki yanğın söndürülüb

15:07 14-08-2021 | icon 2226
Qəbələ rayonunda mürəkkəb relyefli dağlıq ərazidəki yanğın söndürülüb

Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görülmüş tədbirlər sayəsində avqustun 14-də saat 14:00-da yanğın tam söndürülüb. Yanğın nəticəsində, ilkin məlumata əsasən, təqribən 150 hektar ərazidə kol-kos və qismən ağaclar yanıb. Relyefin mürəkkəbliyinə və ərazidə küləyin mütəmadi olaraq güclənməsinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin peşəkar və əlaqələndirilmiş fəaliyyəti nəticəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

Yanğının söndürülməsi əməliyyatlarına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup kənd sakini də iştirak edib.

Xatırladaq ki, Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə meşə yanğını avqustun 11-də qeydə alınıb. Yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanıb.