Paytaxtın Nizami rayonunda yerləşən apteklərin birinə ötən ilin martında basqın edərək əlindəki bıçaqla orada satıcı işləyən xanıma qarşı quldurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zöhrab Abbasov Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində tutularaq istintaqa təqdim edilib.
Hadisə zamanı Zöhrab Abbasov qadının həyatı üçün təhlükə yaradaraq hədə-qorxu yolu ilə aptekin kassasından min manat məbləğində pulu götürüb və oradan uzaqlaşıb. Zöhrab Abbasovun həmin aptekə daxil olması və hadisəni törədərək oradan yayınması obyektin kameralar vasitəsilə də lentə alınıb.
Hadisə ilə əlaqədar 25-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.