logo

Azyaşlı uşağlara işgəncə verən ögey dayı və arvadına cinayət işi açılıb

11:33 13-08-2021 | icon 1652
Azyaşlı uşağlara işgəncə verən ögey dayı və arvadına cinayət işi açılıb

Binəqədi rayonunun Xocasən qəsəbəsində yaşayan Günel Vəliyevanın (adlar şərtidir) 2015-ci il təvəllüdlü oğlu və 2007-ci il təvəllüdlü qızının ögey qardaşı və onun arvadı tərəfindən fiziki və psixi zorakılıq hərəkətlərinə məruz qalması barədə müraciəti üzrə Binəqədi rayon Prokurorluğunda araşdırma aparılıb.

Binəqədi rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla İdris Vəliyevin (ad şərtidir) avqustun 8-də ögey bacısının 2015-ci il təvəllüdlü oğlunun nadinc hərəkətlər etməsini bəhanə gətirərək bıçağı qızdıraraq onun sağrı nahiyəsinə bir neçə dəfə basdığı, İdris Vəliyevin arvadı Arzu Vəliyevanın (ad şərtidir) isə Günel Vəliyevanın 2007-ci il təvəllüdlü qızının saçını və qaşını kəsdiyi, həmçinin ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyi müəyyənləşdirilib.

Fakta görə Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.1-ci (iki və ya daha çox şəxsə qarşı əzab vermə), 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 133.2.6-cı (işgəncə verməklə əzab vermə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi aidiyyəti üzrə rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib.

Cinayət işinin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.