Paytaxtın Qaradağ rayonunda karantin qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edən kafe aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, rayon polis idarəsinin əməkdaşları Lökbatan qəsəbəsində yerləşən “Club-85” adlı kafenin sahibi Burhan Məmmədzadənin müştərilərə qəlyan verdiyi aşkar edilib.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Toplanmış material rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Burhan Məmmədzadə 10 sutka inzibati qaydada həbs edilib.
Paytaxtın Qaradağ rayonunda karantin qaydalarını pozan şadlıq sarayının rəhbəri də həbs olunub.
Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı rayonun Ələt qəsəbəsində yerləşən “Nərmin” şadlıq sarayında keçirilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkar olunub. Yoxlama zamanı altı nəfərin vaksinasiyadan keçmədiyi müəyyən edildiyindən onlar toya buraxılmayıb. Toy mərasimi “icazə.gov.az” portalında qeydiyyatdan keçirilməsinə baxmayaraq, məclisdə 180 nəfərin iştirak etdiyi aşkarlanıb. Buna görə də həmin şadlıq sarayının sahibi Malik Xəlilov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğu üçün onun barəsində Qaradağ rayon Polis İdarəsində toplanmış material rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün inzibati qaydada həbs edilib.