logo

Nabrandakı “Atlant” istirahət və əyləncə mərkəzinin rəhbəri həbs edildi

15:30 11-08-2021 | icon 2128
Nabrandakı “Atlant” istirahət və əyləncə mərkəzinin rəhbəri həbs edildi

Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən nəzarət-profilaktik tədbirlər daim diqqət mərkəzində saxlanılır.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, növbəti yoxlamalar zamanı Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Atlant” istirahət və əyləncə mərkəzində epidemiya əleyhinə karantin rejiminin kobud şəkildə pozulması halları aşkarlanıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin mərkəzin rəhbərliyi Tahir Qədəşov, onun qohumu Azər Qədəşov, eləcə də karantin qaydalarının pozulmasına şərait yaradan xidməti personal müəyyənləşdirilərək saxlanılıblar.

Faktla bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

“Atlant” istirahət və əyləncə mərkəzinin rəhbərlərindən biri Azər Qədəşov həbs edilib. Onun barəsində Nərimanov rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Saxlanılan digər şəxslər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi isə tədbirlər görülüb və onların hər biri cərimə ediliblər.

Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Vətəndaşlardan və ictimai iaşə obyektləri sahiblərindən, habelə fəaliyyətinə icazə verilən digər qapalı məkanların rəhbərlərindən tələb olunur ki, sanitar-karantin rejimi qaydalarına tam əməl etsinlər. Əks halda bu qaydaları pozan şəxslər barəsində qanunla nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək, - deyə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.