Həbsdə olan Azərbaycanın Serbiyadakı keçmiş səfiri, sabiq baş prokuror Eldar Həsənovun sağlıq durumu yenidən ağırlaşıb.
YeniAvropa xəbər verir ki, bu barədəvəkil Cavad Cavadov sosial şəbəkədəki hesabında yazıb.
Onun sözlərinə görə, 8 avqust 2021-ci il tarixdə səhər saatlarında Eldar Həsənov saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında növbəti başgicələnmə nəticəsində huşunu itirmiş və üzü üstə yerə yıxılıb:
”Bunun nəticəsində bədənində təhlükəli olmayan zədələr yaranmış, xoşbəxtlikdən başından hər hansı zədə almamışdır. Tibbi yardım göstərilsə də başgicələnmələr 15-20 dəqiqə ərzində dayanmamışdır və həkimlər bunun həyəcan verici siqnal olduğunu bildirmişlər. Həmin gün saat 11-30 radələrində mənimlə və müstəntiqlə görüşə Eldar Həsənovu artıq əlil arabasında gətirilmişdir. Özünün bildirdiyinə görə həkimlər onun bu vəziyyətdə artıq sərbəst (hətta çəliklə belə) hərəkət etməyi israrla qadağan edirlər. Baş Prokuror Kamran Əliyevə Eldar Həsənovun müalicəsinin ixtisaslaşmış xəstəxanada və həbsiz davam etdirilməsi üçün yeni vəsatət ünvanladıq.
Çox ümid edirəm ki, heç olmasa bu müraciətə müsbət yanaşılacaq və növbəti dəfə “Eldar Həsənovu artıq itirdik” xəbəri yaymayacağıq. Heç bir şişirtmə olmadan bildirirəm ki, hər şey ona doğru gedir".