logo

Yasamalda narkotika satan beş nəfər saxlanılıb

11:12 06-08-2021 | icon 2079
Yasamalda narkotika satan beş nəfər saxlanılıb

Paytaxtın Yasamal rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan beş nəfər saxlanılıb. Onlardan ikisi marketdə olarkən müştərinin içində pul olan əl çantasını oğurlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, polis əməkdaşları tərəfindən Yasamal rayonunda narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı, həmçinin oğurluqla məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar keçirilib. Yasamal rayon Polis İdarəsi 26-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddələrin - metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan beş nəfər tutulub.

Əməliyyat zamanı əvvəlcə paytaxt sakinləri Fərhad Sadıqov, Taleh Baxşəliyev və Əjdər Məmmədov saxlanılaraq istintaqa təqdim olunublar. Həmin şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, metamfetamin və elektron tərəzilər aşkar edilərək götürülüb. Saxlanılan şəxslər izahatlarında psixotrop maddə olan metamfetamindən istifadə etməklə yanaşı qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını da etiraf ediblər.

Yasamal rayon Polis İdarəsi 26-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı isə rayon ərazisində yerləşən marketlərdən birindən müştərinin içərisində 890 manat və 100 dollar olan əl çantasını oğurlayan Yeganə Qurbanova, həmçinin tanışı Nicat Musayev də saxlanılıb. Şəxsi axtarış zamanı Nicat Musayevdən heroin və metamfetamin də aşkar edilib. Nicat Musayev ifadəsində narkotik maddələr əldə etmək üçün oğurluq etdikləri bildiriblər. Yeganə Qurbanova və Nicat Musayevin marketdən oğurluq etməsi obyektin müşahidə kameraları vasitəsilə də lentə alınıb.

Faktlarla bağlı 26-cı polis bölməsində toplanan materiallar araşdırılması üçün Yasamal rayon Polis İdarəsinə göndərilib və adları sadalanan şəxslər istintaqa cəlb olunublar. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatları davam etdirirlər.