Ötən gün axşam saatlarında Ağsu rayonunun Gəgəli kəndi yaxınlığında başlayan yanğın bu saatlarda da davam edir. Mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası, Mülkü Müdafiə Qoşunlarının əsgərləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları, eləcə də kənd əhalisi səfərbər olunub.
YeniAvropa xəbər verir ki, yüksəkgərginlikli elektrik xətləri və meşə massivi yanğından mühafizə edilib. Eyni zamanda, yanğının Şamaxı rayon ərazisinə keçməsinin qarşısı alınıb. Ərazidə əsasən xırda ağaclar, kol-kos və quru otlar yanır. Havanın qismən küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirir.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla birlikdə əraziyə gəlib, yanğınsöndürmə işləri ilə tanış olublar.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.