logo

Narkotik vasitələrin satışı ilə məşğul olan 12 nəfər saxlanılıb

12:55 05-08-2021 | icon 1939
Narkotik vasitələrin satışı ilə məşğul olan 12 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatları davam etdirirlər.

DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Baş İdarə əməkdaşlarının Nəsimi rayonunda həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Rahil Orucov saxlanılıb. Onun üzərindən 65 qram heroin, 58 qram metamfetamin və elektron tərəzi aşkar edilib.

Baş İdarə əməkdaşlarının Binəqədi rayonunda həyata keçirdikləri digər əməliyyat zamanı əvvəllər məhkum olunmuş Əli Cavadov və Bahadur İsmayılov tutulublar. Əli Cavadovun üzərindən ümumilikdə 114 qram heroin, metamfetamin, elektron tərəzi, eləcə də narkotik tərkibli 75 metadon və preqabalin həbi aşkarlanıb. Bahadur İsmayılovdan isə 24 qram heroin və bir elektron tərəzi aşkar edilərək götürülüb. Bu şəxslər ifadələrində Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində narkotik vasitələrin və “patı” adlanan metamfetaminin satışı ilə məşğul olduqlarını bildiriblər.

Binəqədi rayonunda həyata keçirilən növbəti əməliyyat zamanı isə narkotik vasitələrin, xüsusən gənclər arasında psixotrop tərkibli həblərin satışını həyata keçirən iki nəfər - Qafur Lətifov və Adil Ramazanov saxlanılıblar. Onlardan ümumilikdə 81 qram tiryək, heroin, metamfetamin, narkotik tərkibli 240 metadon həbi və elektron tərəzi aşkar edilib.

Narkotik vasitələrin onlayn yolla satışını həyata keçirən daha bir şəxs isə Abşeron rayonunun Masazır qəsəbəsində tutularaq məsuliyyətə cəlb edilib. Əməliyyat zamanı həmin qəsəbədə yaşayan Tural İbrahimov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 1 kiloqram 47 qram metamfetamin, 270 qram heroin, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi bank kartı və iki elektron tərəzi aşkarlanıb.

Abşeron rayonunun Xırdalan şəhərində həyata keçirilən digər bir əməliyyat zamanı isə əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilmiş Ağaxan Hüseynov saxlanılıb. Onun şəhər ərazisində yerləşən evinə və üzərinə baxış zamanı 5 qrama yaxın metamfetamin və F-1 əl qumbarası aşkar edilib.

Baş İdarə əməkdaşlarının Abşeron rayonunun Xırdalan şəhəri ərazisində həyata keçirdikləri digər bir əməliyyat zamanı isə narkotik vasitələrin qəbul edildiyi “tiryəkxana” aşkarlanıb. Həmin mənzilə baxış zamanı orada narkotik vasitələrin qəbuluna şərait yaradan Ləman Abdullayeva, Əsmər Abdullayeva və Elşən Cəfərov saxlanılıblar. Onların üzərindən ümumilikdə 27 qram heroin və metamfetamin aşkarlanıb.

Yasamal və Sabunçu rayonunda həyata keçirilən sonuncu əməliyyatlar zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum edilmiş Fərid Qulubəyov və Aqil Əzizov saxlanılıblar. Fərid Qulubəyovun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 9 qrama yaxın kokain, 35 qram metamfetamin, 25 metadon həbi və elektron tərəzi aşkarlanıb. Aqil Əzizovdan isə ümumilikdə 1 kiloqram 800 qram marixuana və elektron tərəzi aşkar edilib. Həmin şəxslər də ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bildiriblər.

Bu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları ümumilikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 12 nəfəri məsuliyyətə cəlb ediblər. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Həmin şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, əməliyyatların bir neçəsi vətəndaşların Baş İdarənin sosial şəbəkələrdəki səhifələrinə göndərdikləri məlumatlar əsasında həyata keçirilib.